“Çağrı”ya başlamadan əvvəl önümdə çətin bir tapşırıq vardı: yaşamadığım, tanımadığım bir dövrü canlandırmaq. Masamın üstündə çox sayda kitab və sənəd vardı, beynimdə isə bir-birinə qarışan saysız ad, tarix və hadisə dolaşırdı. Uzun müddət araşdırdım, oxudum, o dövrü anlamağa çalışdım.
Sonda gəldiyim nəticə bu oldu: tarixi bilmək başqa şeydir, o tarixin içində yaşayan insanı yazmaq tamam başqa. Tarix mənə nə baş verdiyini deyirdi, amma o hadisələrin içində bir adamın necə yaşadığını, nə düşündüyünü, nə hiss etdiyini göstərmirdi. Elə onda özümə bir hədəf qoydum: yazılan deyil, yaşanan tarixi yazmaq.
ÇOX BİLMƏK, AZ GÖSTƏRMƏK
Məhdud məlumatla tarixi roman yazmaq olmur. Tanımadığın bir zaman haqqında rahatca xəyal qurmaq azadlıq deyil, sadəcə yanılmaqdır. Amma araşdırmanın da öz tələsi var, çünki onun sonu yoxdur: həmişə yeni bir kitab, yeni bir sənəd, yeni bir fakt tapılır. Bir yerdə “daha çox bilməliyəm” düşüncəsindən əl çəkib yazmağa başlamaq lazımdır.
Onu da gördüm ki, nə qədər çox bilirsənsə, təxəyyülün də bir o qədər inandırıcı olur, çünki təxəyyül boşluqda yaranmır, tanıdığın bir dünyanın üzərində qurulur. Personajlar da çox vaxt elə bu oxu prosesinin içində, mən fərqinə varmadan formalaşmağa başlayırdı.
Bir müddət sonra əks tərəfdən bir çətinlik gəldi: problem məlumatın azlığı yox, çoxluğu idi. Aylarla oxuduğum hər şeyi o qədər dəyərli sayırdım ki, hamısını romana gətirmək istəyirdim. Tapdığım hər maraqlı detala sevinir, hekayəni saxlayıb oxucuya onu izah edirdim. Sonra həmin səhifələrə yenidən baxanda görürdüm ki, roman yavaş-yavaş tarix dərsliyinə çevrilir. Onda anladım ki, mənim bildiyimlə oxucunun bilməli olduğu şey eyni deyil. Yazıçının işi elə bundadır: əvvəl tarixçi kimi mümkün qədər çox öyrənmək, sonra romançı kimi bildiklərinin çoxunu kənarda saxlamağı bacarmaq. Oxuduğum yüz məlumatdan romanda bəlkə beşi göründü. Qalanı görünmədi, amma romanın qurduğu dünyanın təməlində dayandı.
DÖVRÜN ÇİZGİLƏRİ
Bəzən bir detal bütöv bir dövrü göstərməyə kifayət edir, təki yerində olsun. Küçəyə yayılan çörəyin ətri, karvanın yorğun yerişi, insanların necə geyindiyi, necə danışıb güldüyü, gecə otağa düşən işığın rəngi. Bunlar tarixdən bir kəlmə danışmadan bütöv bir zamanı göz önünə gətirir. Yaxşı detal eyni anda bir neçə iş görür: dövrü göstərir, məkanı hiss etdirir, bəzən də adamın kim olduğunu pıçıldayır. Nəyə pul xərclədiyi, nədən çəkindiyi, ən yaxşı paltarını hansı gün üçün saxladığı onun sosial vəziyyəti, qorxuları və dəyərləri haqqında çox şey deyir.
Məkan da dövrün bir hissəsidir: bazarların quruluşu, karvansarayların içi, yolların vəziyyəti. Bu gün bizə qısa görünən bir məsafə keçmişdə saatlarla, bəzən günlərlə çəkirdi. Bu isə təkcə fakt deyil, personajın qərarını, hətta süjeti dəyişə bilər.
Dil də bu atmosferin bir hissəsidir, amma burada iki tələ var. Biri müasir düşüncəni və danışığı olduğu kimi keçmişə daşımaqdır, o biri isə keçmişi “tarixi” göstərmək üçün süni, ağır, həddindən artıq arxaik bir dil qurmaqdır. Nə birincisi, nə də ikincisi işləyir. Tarixi romanın dili mütləq köhnə səslənməli deyil, əsas odur ki, personajın danışığı və düşüncəsi öz dövrünə yad görünməsin. Oxucu dili anlamalı, amma onun arxasında başqa bir zamanın adamını duymalıdır.
FAKTLA TƏXƏYYÜL ARASINDA
Tarix çox şey deyə bilər, amma hər şeyi dilə gətirmir. Mənbələr hadisəni danışır, o an otaqda kimin olduğundan, kimin qorxduğundan, kimin susduğundan isə bəhs etmir. Yazıçının işi bir az da elə həmin səssiz yerlərdə başlayır.
Tarixi roman yazmaq mozaikanı tamamlamağa bənzəyir: çatışmayan parçaları özün qoyursan, yerində olanlara isə toxunmursan. Bu o demək deyil ki, heç nəyi dəyişmək olmaz. Boşluqları doldura, məlum olmayan dialoqları yarada, bədii personajlar gətirə, hadisələri romanın dramaturgiyasına görə qura bilərsən. Amma məlum bir faktı öz bədii məqsədin üçün təhrif etmək, oxucunu çaşdırmaq başqa şeydir. Uydura bilirdim, məlum olanı təhrif etməyə isə haqqım yox idi. Azadlığımın harada başlayıb harada bitdiyini elə bu sərhəddə tapdım.
DÜŞÜNCƏDƏKİ ANAXRONİZM
Yazarkən ən çətin sınaq geyimdə, silahda yox, düşüncədə idi. Personajın əlinə dövrünə uyğun bir qılınc vermək asandır, çətini odur ki, o qılıncı tutan adam da öz dövrünün adamı olsun. Bir müddət, fərqinə varmadan, qəhrəmanlarıma öz düşüncələrimi, öz narahatlıqlarımı verirdim. Sonra gördüm ki, belə olanda geyim, məkan nə qədər dəqiq olsa da, obrazım saxta çıxır. Fərdi azadlıq, ailə, din, hakimiyyət, ölüm, qadınla kişinin münasibəti: bu gün bizə təbii görünən çox şey keçmişdə tamam ayrı cür anlaşılırdı. Amma burada incə bir tarazlıq var. Qəhrəman həm öz dövründən gəlməli, həm də oxucuya insan kimi tanış olmalıdır.
Sevgi, qorxu, itki, ümid, xəyanət, sədaqət heç vaxt dəyişmir. Dəyişən yalnız insanın onları necə anlaması, onlara necə cavab verməsidir. Mənim işim də budur: qəhrəmanı öz zamanında saxlamaq, amma içindəki insanı oxucuya çatdırmaq.
QƏHRƏMANA AŞİQ OLMAMAQ
Yazarkən ən çətin məsələlərdən biri personajlara münasibətdə balansı qorumaq idi. Yazıçının işi qəhrəmanı əvvəlcədən haqlı çıxarmaq, ona heyranlıq oyatmaq deyil, bəyənmədiyi bir tarixi adamı əvvəlcədən günahkar elan etmək də deyil. Mən qəhrəmanı müdafiə etməkdən çox onu anlamağa çalışdım. Bir insanın motivini göstərmək onu haqlı çıxarmaq, qorxusunu anlamaq isə bəraət qazandırmaq demək deyil.
Yazıçının mövqeyi əlbəttə ki, mətndə hiss oluna bilər. Məsələ öz hökmünü personajın dilindən verməməkdir. Fərqli tərəflərdə dayanan adamların niyə belə düşündüyünü göstərəndə oxucuya kimin haqlı olduğunu diktə etmirsən, sadəcə vəziyyətin nə qədər mürəkkəb olduğunu açırsan. Öz heyranlığın da, nifrətin də, əvvəlcədən verdiyin hökm də personajın canlılığını öldürə bilir.
TARİX VƏ TALE
Yazdıqca bir şeyi daha aydın gördüm: böyük tarixi hadisənin özü hələ roman deyil. Müharibə, üsyan, bir dövlətin çöküşü tarix kitablarında öz yerini tapır, amma roman üçün bunların hamısı hələ yalnız uzaqdan görünən mənzərədir. Roman o zaman başlayır ki, tarix insanın qapısını döyür. Müharibə evə girir, üsyan bir ailənin taleyini dəyişir, bir dövlətin süqutu kiminsə əlindən sahib olduğu hər şeyi alır. Böyük hadisənin insanın həyatında qoyduğu iz görünəndə tarix arxa plandan çıxır, romanın özünə çevrilir.
Eyni müharibə bir sərkərdə üçün qələbə, bir əsgər üçün sağ qalmaq, bir ana üçün itki, bir uşaq üçün isə evə dönməyən atadır. Ona görə hadisəni yazmazdan əvvəl özümə sual verirəm: bu, qəhrəmanımın həyatında nəyi dəyişir? Nəyini itirir, nəyi qazanır, nəyə məcbur olur, hansı qərarı verməlidir, nəyi əvvəlki kimi görə bilmir? Bu suallara cavab tapanda tarixi hadisə qəhrəmanın taleyinin bir parçasına çevrilir. Beləcə anladım ki, mən əslində müharibəni yox, onun bir insanın həyatında qoyduğu izi yazmalıyam.
MASA ARXASINDAKI SUALLAR
“Çağrı” ilə başlayan bu təcrübə yenicə tamamladığım “Lalələr qızaranda” romanı ilə davam etdi. Onu da yazarkən hər səhnədə özümə eyni sualları soruşdum. Bu dövrün insanını dövrün özü qədər tanıyırammı: nə yeyir, nə içir, nədən qorxur, nəyə inanır? Bu adam öz dövrünün insanı kimi düşünürmü, danışığı da öz zamanına uyğun gəlirmi?
Hansısa səhnədə verdiyim məlumatı oxucu doğrudan bilməlidir, yoxsa yalnız mən bilməliyəm? İşıq tutduğum detal dövr haqqında nəsə deyirmi? Uydurduğum şey məlum bir faktla toqquşurmu? Mən bu personajı müdafiə edirəm, yoxsa həqiqətən anlamağa çalışıram? Və hər dəfə, sonda, elə həmin sual: bu böyük hadisə mənim qəhrəmanımın həyatında nəyi dəyişir, bu səhnəni tarix kitabından çıxarıb romana çevirən nədir?
Bütün bu təcrübədən sonra mənə qalan nəticə sadədir: tarixi roman yazmaq keçmiş haqqında mümkün qədər çox şey bilmək deyil, bildiklərinin içindən romana lazım olanı seçə bilməkdir. Araşdırma həmin dövrün necə olduğunu anlamağa kömək edir, roman isə orada yaşayan insanın nə hiss etdiyini, nə düşündüyünü, necə seçdiyini göstərir. Tarix hadisələri yadda saxlayır, roman isə o hadisələrin içində yaşayan insanı axtarır.
Elçin Əzimli
