YAZIÇININ ƏN VACİB ALƏTİ

Y

Yaxşı bir qələm, təmiz bir masa, sakit bir otaq…

Yazmaq üçün bunların vacib olduğunu düşünürdüm. Ancaq yazdıqca öyrəndim ki, yazıçının əsl aləti gözləridir. Daha doğrusu, müşahidəsi.

Yazıçı yazmadığı vaxt da işləyir. Baxaraq.

Küçədə eşidilən yarımçıq bir cümlə. Avtobusda bir adamın narahat əlləri. Restoranda səssizcə oturan iki nəfər…

Başqaları üçün bunlar adi anlardır. Yazıçı üçün isə bir hekayənin toxumudur.

Uşağın verdiyi qəribə bir sual. Yaşlı bir adamın ağır əl hərəkəti. Bir insanın demək istəyib demədiyi söz…

Başqaları ötüb keçir. Yazıçı isə ayaq saxlayıb baxır.

Çünki hekayələr masada yaranmır. Masa sadəcə onların yazıldığı yerdir. Hekayələr əvvəlcə yaşanır, sonra yazılır.

Yazıçı gördüklərini kağıza olduğu kimi köçürmür. Görünənin içində görünməyəni axtarır. Bir susqunluğun mənasını, yarımçıq qalan cümlənin davamını, adi bir hərəkətin arxasındakı hissi…

Yazıçı olmaq istəyənlərə bir sözüm var: əvvəl baxın, sonra yazın. Sözlərə bəzək vurmaq öyrənilə bilər. Amma adi bir anda hekayəni görə bilmək yazıçı vərdişidir.

Yazıçı üçün həyat tükənməyən bir materialdır. Yetər ki, ona baxmağı bacarsın.

Bəs siz həyata bir yazıçı gözü ilə baxsaydınız, nə görərdiniz?

Elçin Əzimli

Şərh əlavə et