Kouçinq nədir?

 

Peşəkar kouç kimi fərdi və komanda şəklində kouçinq xidmətləri təqdim edən Elçin Əzimli Kanadanın Adler Kouçinq Məktəbinin ACTP proqramının məzunudur. O, Beynəlxalq Kouçinq Federasiyası tərəfindən akkreditasiya olunan Professional Certified Coach® və Mentor Coach, həmçinin Avropa Mentorinq və Kouçinq Şurası tərəfindən akreditasiya olunan Senior Practitioner dərəcələrinə sahibdir. Emosional intellekt sahəsində beynəlxalq sertifikasiyalara sahib mütəxəssisdir.

Kouçinq (ing. coaching) – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərin başladılmasına qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi)  potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Kouçinqi dərzi işinə bənzətmək mümkündür. O, sizin “ölçülərinizə” uyğun həllər yaradan şəxsi inkişaf prosesidir.

”Coaching” sözünün etimologiyası barədə

”Coaching” sözü bir insanı olduğu yerdən olmaq istədiyi yerə aparmaq mənasına gəlir. Dilçilərə görə “coach” sözün etimologiyası macar dilindəki “kocs” sözünə söykənməkdədir və araba, fayton kimi mənaları daşıyır. Macarıstanda XV əsrdən etibarən araba və fayton istehsalı ilə məşhurlaşmış “Kocs” adlanan bir qəsəbə mövcuddur. Macar dilinin türk dilləri ilə qohumluğu bilinən həqiqətdir və bu qəsəbənin adının türk dillərindəki “köç” sözü ilə bənzərliyi maraq doğurur. Macar dilindından alınan “coach” sözü daha sonralar Avropaya, oradan isə Amerikaya keçmişdir.

1830-cu ildə “coach” adı Oksford Universitetində imtahanlarda uğursuz olan tələbələrin dərslərinə köməklik göstərən şəxslərə verilməyə başlamışdır.

Kouçinq fəlsəfəsinə görə:

  • Hər bir insan anadangəlmə bacarıqlı, yaradıcı və bütündür.
  • Kouçinq mənəvi, psixoloji və ya zehni təmir metodu deyildir. Problemli insan yoxdur, sadəcə nə istədiyinin və sahib olduğu güclü potensialın fərqində olmayan insan vardır.
  • İnsanlar axtardıqları sualların cavablarına sahibdirlər, ancaq bu sualların cavablarını necə və harada tapacaqlarını bilməyə bilərlər. Kouçlar bu cavabların ortaya çıxa bilməsi üçün insanların düşüncələrini provakasiya edir (düşünməyə sövq edir) və onları baş verənlərə fərqli baxış bucaqlarından baxmağı dəvət edirlər.

Kouç və koçi ararsındakı ünsiyyət normal şərtlərdə bir saat davam edən üz-üzə seanslar şəklində həyata keçirilir. Bu saat içərisində koçinin o gün üçün gətirdiyi mövzu müzakirə edilir və xidməti alan şəxs tərəfindən öhdəlik müəyyən olunur. Bir sonrakı seansda o günün mövzusu ilə paralel şəkildə əvvəlki seansda alınmış öhdəliklərin və atılmış addımların nəticələri də müzakirə olunur. Məqsəd – müsbət dəyişikliklərə nail olmaqdır. Kouçinq münasibətləri bu xidməti alan şəxsin ehtiyaclarına görə üç aydan bir ilə qədər uzana bilər. Bu münasibətlər kouç və koçinin qarşılıqlı anlaşması və güvəninə əsaslanaraq daha uzunmüddətli, hətta ömür boyu da davam edə bilər.

Kouçinq  son 20 ilin sürətlə inkişaf edən və rəğbət görən peşələrindən biridir. Dünyada bu peşənin əsas təsdiqləyici və tənzimləyici qurumları kimi International Coaching FederationEuropean Mentoring and Coaching Council təşkilatları çıxış edir. Kouç peşəsinə yiyələnmək istəyən şəxslər bu təşkilatların akreditasiya etdiyi təhsil qurumlarından müvafiq sertifikat almalı və periodik olaraq təhsillərini təkmilləşdirməlidirlər.