Hər insanın, hər döyünən ürəyin öz yazılmış və ya yazılmamış hekayəsi var. Bəzilərinin ömrü qısa hekayələr kimi yığcam, az sözlə ifadə olunur. Bəzi ömürlər də var ki, cildlərə sığmaz – onlar iri həcmli romanlara bənzəyir. Bu hekayələrdən bəziləri bir müddət sonra unudulacaq, bəziləri isə ağ vərəqlərdə qara hərflər, cümlələr şəklində düzülüb, cildlənəcək və kitab rəflərində ömür sürəcək, beləliklə, həsr olunduğu insanları da yaşadacaq. Yer üzündə həyat davam etdikcə, hekayələr də yazılmaqda davam edəcək və yeni sabahlar açıldıqda, günəş hər dəfə doğub batdıqda yeni hekayələr başlanacaq və bitəcək.
Yaxşı bir həyat hekayəsinin müəllifi olmaqdır arzum. İstəyirəm, son səhifəsi yazıldıqdan və son nöqtəsi qoyulduqdan sonra unudulmasın, səhifələri tozlanmasın. Elə bir əfsanəyə çevrilsin ki, onu sonradan vərəqləyənlər saf duyğularımın – həyat eşqimin, bitməz-tükənməz arzularımın, sevdamın hələ də yaşadığını, sonsuza qədər qanad çalacağını bilsinlər. Çünki duyğular ölməzdir, əbədidir. Mən də duyğularıma qarışıb sonsuza qədər yaşamaq istəyirəm…