Bir səhər dəniz sahilində gəzintiyə çıxan Orxan yaşlı bir “düşüncə sehrbazı” ilə tanış olur. Tanımadığı bu qocaya əvvəlcə inamsızlıqla yanaşan Orxan axırda səbrli olmağa və hadisələrin nə ilə bitəcəyini gözləməyə qərar verir…

Həyata göz açdığın andan iki səyahətə başlayırsan: biri iç dünyanda, digəri isə səni əhatələyən böyük dünyada. İç dünyandakı səyahətinin addımları düşüncə və duyğuların əsasında atılır. Böyük dünyadakı səyahətinin coğrafiyası isə vücudunun gəzib-dolaşdığı yerlərlə, məsafələrlə ölçülür. Bu səyahətlər daim bir-biri ilə kəsişir. Böyük dünyaya uzanan yollar daxilindəki kiçik dünyadan keçir – düşüncə və duyğuların səni gedəcəyin yerə aparır. Hazırda olduğun yer də dünənki düşüncələrinin səni gətirdiyi yerdir…

Bu kitab düşüncə dünyanı aydınladacaq Dan ulduzundur. Onun işığını izlə. Bu işıq həyatında yeni səyahətlərin və yolların başlanğıcı olacaq…

“Dan ulduzu” kitabını bu link vasitəsi ilə sifariş edə bilərsiniz.


SİTATLAR

  • Xoşbəxtlik xoş düşüncələrlə başlayır.
  • Yaşamaq, düşünmək və sevmək üçün gözəl gündür, elə deyilmi?!
  • Daxildəki zənginliklə zahirdəki sadəlik düz mütənasibdir: daxil zənginləşdikcə, zahir də sadələşir.
  • Mənim xoşbəxtliyimin mənbəyi xoşbəxtlik axtarışını bir kənara qoyub həyatımda olan gözəl anların həzzini yaşamaqdır.
  • Gələcəyi görmək üçün münəccim olmağa ehtiyac yoxdur. Bugünkü düşüncələrinə və məşğuliyyətinə baxaraq gələcəyinin necə olacağını təxmin edə bilərsən.
  • Düşüncə ilə ehtiyatla davranmaq lazımdır, çünki o, hərəkətin başlanğıcıdır.
  • Mən işığın sirrini qaranlıqdan öyrənmişəm. Müəllimim qaranlıq olub – aydınlanmağa görə ona borcluyam… Bir gün içimdəki arzulardan kiçik qığılcım oyandı. Arzularım böyüdükcə, o qığılcım daha da alovlandı və nəhayət, içimdə günəş kimi doğdu. O zaman işığın gücünü anladım. Anladım ki, qaranlıq nə qədər dərin olursa olsun, ən kiçik işıq parıltısı qarşısında belə gücsüzdür. Gördüm ki, işığın şölələri yüksəldikcə, qaranlığın sərhədləri geri çəkilir. Anladım ki, ətrafım hər zaman işıqlı olsaydı, işıq saçmağı öyrənə bilməzdim. Mən qaranlıqda işığı gördüm, mən qaranlıqda işıq oldum. Buna görə də artıq qaranlıq qorxum yoxdur. Konfutsi insanları ikiyə ayırırdı: qaranlığa söyənlər və şam yandırıb onunla mübarizə aparanlar. Mən ikincilər kimi işıq olmağı seçdim. Sən də qorxma qaranlıqlardan. İşıq saç və ona işığınla meydan oxu. Bu bəs edər! Görəcəksən; sən işıq saçdıqca, o da səndən uzaqlaşacaq…
  • Suallar düşüncənin toxumlarıdır və sual olmayan beyində yeni düşüncə cücərməz.
  • Ağ və qara bir-birinin tamamlayıcısıdır – pianinonun ağ və qara dilləri musiqini tamamladığı kimi. Şahmatın ağ və qara fiqurları oyunu tamamladığı kimi. Dünya səhnəsini bir şahmat oyunu kimi təsəvvür edin – qarşımızda bizdən fərqli fiqurlar olmazsa, oyun baş tutarmı?
  • Hər şey düşüncənin yaranması ilə başlayır. Düşüncə duyğu, duyğu da hərəkət doğurur. Sonda ortaya çıxacaq nəticə başlanğıcdakı düşüncənin keyfiyyəti ilə əlaqəlidir: müsbət düşüncə müsbət, mənfi düşüncə isə xoşagəlməz nəticələrə səbəb olur.
  • Fəzilət – fərdin öz daxilində gizlənən güclü tərəflərindən və gözəl dəyərlərindən istifadə edib insanlıq mərtəbəsinə yüksəlməsidir. Bu yüksəliş özünüdərketmədən, ən əsası da içindəki insanı sevməkdən keçir. Əgər içindəki insanı bəyənmirsənsə, onu dəyişməli və sevimli hala gətirməlisən. Çünki o – sənsən və özünə qarşı laqeyd davrana bilməzsən. İçindəki insanı tanımayan, anlamayan, inkişafına çalışmayan, ona şans verməyən və yeri gələndə bağışlamayan özünü sevə bilməz. İnsan özünü tanımağa və anlamağa başladığı zaman ətrafındakı digər insanları da anlamağa başlayır. Öz içindəki insanı sevən insan başqa insanları da sevir. İçindəki insana anlayışla yanaşmağı bacaran insan ətrafındakılara da empatiya hissi ilə yanaşır”
  • Həqiqət qapısının açarı suallardan ibarət açar toplusunun içərisindədir; mütləq bir açar var ki, o qapıya düşəcək.
  • Bugünkü həyatımız beynimizə keçmişdə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan narazı qalmaq istəmiriksə, vaxtında düzgün toxum səpməliyik. Çünki qanqal toxumundan qızılgül  cücərmədiyi  kimi,  mənfi  düşüncələrdən  də xoşbəxt həyat yaranmaz.
  • Diqqətini mənə deyil, dediklərimə cəmləşdir. Əmin ol ki, dediyim sözlər kimliyimdən daha vacibdir. Zahirə deyil, batinə və onun içindəki Mənaya diqqət yetir. Fəzilət batindəki Mənada gizlənmişdir. Zahir fanidir, bir gün yox olacaq. Məna isə ölməz və əbədi məşəl kimi sönməzdir, indiyə qədər heç bir qaranlıq onu söndürə bilməyib.
  • Həyatda mənfi duyğu yoxdur, duyğunun düzgün ifadə olunmaması var… Bir də ki, müsbət adlandırdığın duyğunu faydalı edən onun ziddidir. Nifrət duyğusu olmasaydı, sevginin nə olduğunu dərk etməzdik. Kədər olmasaydı, sevincin varlığından xəbərsiz olardıq.
  • Çərənçi insanın nitqi xırdavat dükanına oxşayır, orada ucuz qiymətə hər şey tapmaq mümkündür. Sözlərinin qiymətini bilən insanın nitqi isə zərgər dükanı kimidir – satdıqları az olsa da, qiymətlidir. Çalış, sözlərini ucuz satma…
  • Ancaq səninlə, az da olsa, həmrəyəm: həyatın mənası yoxdur. Daha doğrusu, həyatın standart mənası yoxdur. Sən nə məna versən, həyatın da o mənaya bürünəcək. Həyatı çılpaq vücuda bənzədə bilərsən; rəngbərəng və fərqli paltarlar vücuda fərqli görünüş verdiyi kimi, həyatına gətirəcəyin fərqli mənalar da onun istiqamətini və keyfiyyətini dəyişə bilər.
  • Hər insanın, hər döyünən ürəyin öz yazılmış və ya yazılmamış hekayəsi var. Bəzilərinin ömrü qısa hekayələr kimi yığcam, az sözlə ifadə olunur. Bəzi ömürlər də var ki, cildlərə sığmaz – onlar iri həcmli romanlara bənzəyir. Bu hekayələrdən bəziləri bir müddət sonra unudulacaq, bəziləri isə ağ vərəqlərdə qara hərflər, cümlələr şəklində düzülüb, cildlənəcək və kitab rəflərində ömür sürəcək, beləliklə, həsr olunduğu insanları da yaşadacaq. Yer üzündə həyat davam etdikcə, hekayələr də yazılmaqda davam edəcək və yeni sabahlar açıldıqda, günəş hər dəfə doğub batdıqda yeni hekayələr başlanacaq və bitəcək.
  • Həyatı mənalı və ya mənasız edən bizim ona münasibətimiz və verdiyimiz dəyərdir.
  • Bir çoxumuz yalanlar dünyasında yaşayırıq. Həyatımız boyu özümüz və başqaları haqqında həqiqət sandığımız yüzlərlə yalan uydurur və bu yalanlara elə ən birinci özümüz inanırıq. Uydurduğumuz yalanlara özümüzün inanmağımız kifayət etmir və başqalarını da inandırmaq üçün dəridən-qabıqdan çıxırıq. Məna – həqiqətdir və heç vaxt yalanla barışmaz. Həqiqəti tapmaq üçün isə bu yalanlarla sağollaşmaq lazımdır.
  • Həqiqətə çatmaqda şübhə dolu sualların faydası böyükdür, ancaq şübhələrimizi doğru idarə etməliyik – əks halda, həqiqətin izini itirərik.
  • Dövləti bir evə bənzətsək, bu evin ağası vətəndaş, qulluqçusu da dövlət qulluğunda olan şəxslər olmalıdır. Vətəndaş ödədiyi vergilərlə qulluqçuların maaşını ödəyir, onların çalışmasına və bu vəsilə ilə qarınlarını doyurmasına şərait yaradır. Ağa olmasa, qulluqçu da olmaz. Nə zaman ki evin qulluqçusu əməlini azıb əyri yola, tamaha və tənbəlliyə qurşanır, özü ilə ağasının yerini səhv salır, o evdə, o mülkdə xeyir-bərəkət qalmadığı kimi, ağada da ağalıq və izzət qalmır. Bu səbəbə görə indiki dövlətlər xeyri-bərəkəti qaçmış evlərə oxşayır. Ağa olmalı olan şəxslər də dilənçi günündə yaşayırlar. İndi qulluqçular sarayda, ağalar da mənim kimi bu kasıb çadırlarda məskən salıblar.