– Üz-gözündən yağan yorğunluqdan uzun səfərdən gəldiyin bəlli olur, ey səyyah! Haradan gəlib, haraya gedirsən? Yolun haradır belə?
– Özümədir yolum, atacan. Özümdən gəlib, özümə gedirəm.
– Maraqlı səyahətin varmış… Nə vaxtdır bu yoldasan?
– Dünyaya göz açandan bu yoldayam.
– Uzun imiş səyahətin… Nəyin axtarışındasan belə?
– Özümü axtarıram.
– Bəs getdiyin yollar səni aparıb özünə çıxarmırmı?
– Çıxardığı vaxtlar da olur, özümdən uzaqlaşdırdığı vaxtlar da. Yenicə bir işıq sezmişəm öz içimdə. İndi onun arxasınca gedirəm…

XIII əsr… Tarixin ən qaranlıq çağlarından biri… Dünyanı tək bir dövlət altında birləşdirməyə can atan Çingiz xanın növbəti qurbanı qarluq elləri olur. Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrı dünyadan əl-ətəyini çəkib dərviş həyatı yaşamağa başlayır. O, dünyanı qarış-qarış gəzdiyi günlərin birində ən gözəl səyahətin insanın öz daxili dünyasına olan səyahət olduğunu anlayır və ruhuna aparan yolların axtarışına çıxır…

“Çağrı” kitabını bu link vasitəsi ilə sifariş edə bilərsiniz.


SİTATLAR

  • Eşq atəşdir, həsrət isə külək. Həsrət gücləndikcə eşq daha çox yandırar.
  • Duyğuların söhbətləşdiyi yerdə sözlərə nə hacət?
  • Yaradanın hikmətini anlamamış ola bilərsən, ancaq rəhmətindən ümidini kəsmə. Çünki hikmətin bağladığı qapılar bir gün rəhmətlə açılacaq.
  • Sən yola çıx, o özü səni getməli olduğun yerə aparacaq.
  • Həyatda heç nəyə, hətta yaşamağa da tələsmə. Öz axarında yaşa, təbii yaşa, yavaş-yavaş yaşa, içində olduğun anı hiss edə-edə, fərqinə vara-vara yaşa – günəş kimi, bulaq kimi, arı kimi, meh kimi…
  • Olacaqsa, olacaq – tələsmədən, öz axarında. Olmayacaqsa da, tələsmədən olmayacaq. Yenə də öz axarında.
  • Həyat ikiqanadlı bir quşa bənzəyir; bir qanadı sevincdir, o biri qanadı isə kədər. Yaşamaq üçün hər iki qanadı da çırpmaq lazımdır. Həyat quşu tək qanadla uça bilməz.
  • İnsan olan düşünəcək də, duyacaq da. Bəzən insan duyaraq və düşünərək hüzur tapacaq, bəzən də rahatlığını itirəcək.
  • Bəlkə də, insanın düşünmək və duymaq bacarığını əlindən alsan, daha qayğısız həyat yaşayardı.
  • Doğrudan da, heç nəyin heç hara tələsmədiyi bir dünyada mən hara tələsirəm?
  • Yalnız insanlar gecələri sevməzlər…
  • Adətən, yoxluq, xəstəlik, ya da ki aclıq sünbülqıranları qırıb tökürdü, amma onların budəfəki fəlakətinin səbəbi içində yaşadıqları bolluq və toxluq olmuşdu.
  • Demək, taleyin ilkin cızma-qarasını insanın özü edirmiş, sonradan Yaradan da o cızma-qaranın üstündən öz xətti ilə keçirmiş.
  • Həyatda səbəbsiz heç nə yoxdur, hər işdə bir hikmət, bir məna var. Səbir et, gün gələr, bu hikmət də öz qapısını sənə açar.
  • Vücudən insana bənzəsə də, onu ruhən insan saymaq olmazdı artıq. İçində ruh daşıyanlar bu qədər ağrının, acının qarşısında necə əylənə bilərdilər axı?
  • Axı nəyiniz çatışmır, ey insanlar?! Sahib olmadıqlarınız barədə o qədər düşünürsünüz ki, sahib olduqlarınıza ayırmağa vaxtınız və şükrünüz qalmır. Başınıza nə gəlirsə, elə naşükürlüyünüzdən gəlir.
  • Məgər insanın sağlam vücudu və ruhu ona bəxş olunmuş ən böyük sərvət deyilmi?
  • Yaradılış səbri sevir, öz təbii axarını sevir. Hər şeyin öz vaxtı, öz vədəsi var. Nə günəş səhərlər daha tez çıxmağa tələsir, nə də ay səhərə yaxın daha tez batmağa. Nə meyvələr vaxtından əvvəl yetişir, nə də ki balalar vaxtından əvvəl doğulur.
  • Sən heç meşənin səsinə qulaq asmısanmı? Mən sənə bulaqların şırıltısından, həşəratların cırıltısından, ya da ki quşların cəh-cəhindən danışmıram – bu onların öz səsidir. Gözlərini yumub diqqətlə qulaq kəsilsən, bütün meşənin ahəng içərisində budaqlarını sağa-sola yelləyərək zümzümə etdiyini eşidərsən. Bəlkə də, o zümzümə etmir, sadəcə, nəfəs alır. Ancaq onun nəfəs almağı belə nəğmə kimi səslənir.
  • Həyat önümə çox bağlı qapılar çıxardı. Ancaq mən qapılardan küsmədim, onları açacaq açarlar axtardım.
  • Mən doğruları səhvlərimdən öyrəndim. Su daşların arasından keçib büllurlaşdığı kimi, həyatım da səhvlərimin arasından keçib büllurlaşdı və qiymətli təcrübəyə çevrildi.
  • Kömür yandırılan ocağın ətrafında dolaşsan, üstündəki paltar his iyi verər. Ətir dükanına girsən, üstündən gözəl qoxular gələr. Ruh da paltar kimidir: ondan gözəl qoxuların gəlməyini istəyirsənsə, gül ətirli ruhların içərisində dolaş.
  • Ruhunu tanımaq istəyirsənsə, onda səyahətə çıx. Ən gözəl səyahət insanın öz daxili dünyasına olan səyahətdir. 
  • Bu dünyada son sözü söyləyəcək və son nöqtəni qoyacaq insan sən olmayacaqsan. Yer üzündə həyat səninlə başlamayıb və səndən sonra da davam edəcək. Bir karvansaraya bənzəyir dünya; içində yaşadığın hücrədə bu gün sən qonaqsan, sabah isə başqası. Dünyanın sonu gələnə qədər o, qonaqlarla dolacaq və boşalacaq.
  • Uzun müddətdir axtarışında olduğun hüzura nə vaxt çatacağını bilirsən? Özünü və başqalarını rahat buraxanda.
  • Kənardakılar bir aynadır: səndə nə varsa, başqalarında da onu görəcəksən.