Elçin Əzimli kimdir?
Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli 1975-ci ildə Oğuz şəhərində anadan olub. İstanbul Universitetinin Politologiya fakültəsinin məzunudur.
“Dan ulduzu” adlı ilk romanı 2019-cu ildə, “Çağrı” adlı ikinci romanı isə 2023-cü ildə TEAS Press tərəfindən nəşr olunub. Hər iki kitab dəfələrlə ölkəmizdə ən çox satılan kitabların siyahısına düşməyi bacarıb.
Dövlət və özəl sektorda 25 illik peşəkar təcrübəyə malikdir. Əsas fəaliyyət sahələrindən biri biznes təlimlərdir. Ölkəmizin bir sıra şirkət və təşkilatlarının rəhbər heyətlərinə liderlik, idarəçilik, emosional intellekt və s. mövzularda çoxsaylı təlimlər keçib.
2016-cı ildən ALPHA Coaching & Consulting şirkətinin idarəedici partnyoru kimi fəaliyyət göstərən Elçin Əzimli ölkəmizin ilk beynəlxalq sertifikatlı kouçlarındandır. O, Kanadanın Adler Kouçinq Məktəbini bitirib. Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Professional Certified Coach®, Mentor Coach və Advanced Certification in Team Coaching™, Avropa Mentorinq və Kouçinq Şurası tərəfindən isə Senior Practitioner peşəkar dərəcələri ilə təltif olunub. Elchin Əzimli həmçinin Emosional intellekt sahəsində də beynəlxalq sertifikasiyalara sahib mütəxəssisdir.
Elçin Əzimli liderlik bacarıqları üzrə peşəkar qiymətləndiricidir. O, qlobal qiymətləndirmə sistemləri bazarının liderlərindən olan Harrison Assessments Int’l şirkətinin Azərbaycan üzrə rəsmi konsultant-partnyoru olmaqla yanaşı, bu təşkilatın Debriefing & Coaching Accreditation dərəcəsinə sahibdir.
Aktiv ictimai fəaliyyətlə məşğul olan Elçin Əzimli Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür. O, eyni zaman Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 iyul 2019-cu il tarixində təsis olunan “Yüksəliş” müsabiqəsinin Baş qiymətləndirici eksperti qismində fəaliyyət göstərir.
Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. O, indiyə qədər keçirdiyi yüzlərlə təlim və seminarda insanları bu fəlsəfəyə dəvət edib.