Elçin Əzimli kimdir?

 

Elçin Əzimli 1975-ci ildə Oğuzda anadan olub. İstanbul Universitetinin Siyasi Elmlər fakültəsini bitirib.

Ədəbiyyata insanın özünə gedən yolunu anlamaq və onu sözə çevirmək istəyi ilə gəlib. İlk romanı “Dan ulduzu” 2019-cu ildə, ikinci romanı “Çağrı” isə 2023-cü ildə TEAS Press nəşriyyatında işıq üzü görüb. Hər iki kitab nəşrdən sonra ən çox oxunan kitablar sırasına daxil olub.

Əsərlərinin mərkəzində insan, onun seçimləri, daxili axtarışları və özünü anlamaq cəhdi dayanır. Fərqli dövrlərdə və məkanlarda cərəyan edən hekayələrində bu mövzular hər dəfə başqa bir insan taleyinin işığında açılır.

Üçüncü romanı “Lalələr qızaranda” Səlcuqlular dövrünün orta əsr Azərbaycanından bəhs edən tarixi romandır və 2026-cı ilin payızında oxucularla görüşəcək.

Yazıçılıqla yanaşı, Elçin Əzimli dövlət və özəl sektorda uzun illər çalışmış peşəkar icraçı kouç və təlimçidir. 2016-cı ildən ALPHA Coaching & Consulting şirkətinin idarəedici tərəfdaşıdır. Kanadanın Adler Kouçinq Məktəbinin məzunu, Beynəlxalq Kouçinq Federasiyasının (ICF) Professional Certified Coach® (PCC), Mentor Coach və komanda kouçinqi üzrə ACTC, Avropa Mentorinq və Kouçinq Şurasının (EMCC) isə Senior Practitioner dərəcələrinin sahibidir.

Peşəkar fəaliyyəti çərçivəsində müxtəlif şirkət və təşkilatların rəhbər heyətləri üçün liderlik, idarəetmə və emosional intellekt mövzularında təlim və inkişaf proqramları aparıb. Liderlik səriştələrinin qiymətləndirilməsi sahəsində də fəaliyyət göstərir və Harrison Assessments International şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

İctimai fəaliyyət istiqamətində isə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinin baş qiymətləndirmə ekspertidir. Eyni zamanda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. O, indiyə qədər keçirdiyi yüzlərlə təlim və seminarda insanları bu fəlsəfəyə dəvət edib.